Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ŞAHMAR USUBOV: "XOCALILAR BU GÜN DƏ FƏXRLƏ DEYİRLƏR Kİ, TORPAQ UĞRUNDA DÖYÜŞMÜŞÜK, QAN TÖKMÜŞÜK"

0

  •         Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Ermənilərin hərbi-siyasi təcavüzünü dünya ictimaiyyətinə yaymaq hər birimizin borcudur. Bu dəfəki müsahibim 25 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilən Xocalı soyqırımının canlı şahidi olmuş, Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovdur. 
            - Xocalı soyqırımının canlı şahidi kimi Xocalıda soyqırım zamanı erməni vəhşilikləri, günahsız insanların başına gətirilən müsibətlər haqqında hansı məlumatları vermək istəyərdiniz?
            - XX əsrin əvvəllərində, ortalarında müharibələr, faciələr çox olub. 1945-ci ildən 1990-cı ilin sonuna qədər müharibələrin arası kəsilmişdi. Həmin dövrlərdə insanlar sosializm və kapitalizm qütblərinə bölünmüşdür. İnsanların da bir-birinə dostluq və qardaşlıq münasibəti var idi.  Ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ilə başlatdığı müharibə Qarabağda bir çox faciələrlə yadda qaldı. 1988-1990-cı illərdə Qərbi Azərbaycanda yaşayan 200 mindən çox azərbaycanlı departasiya edildi və o departasiyadan sonra ermənilərin soyqırım törətmə əməlləri başlandı. Bu ermənilərin əvvəlcədən hazırladığı planının bir tərkib hissəsidir. Ermənilər  1905-1906, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Aəzrbaycanda, Qərbi Azərbaycanda və indiki Azərbaycanın Qarabağ, Naxçıvan, Quba, Sumqayıt, Şamaxı, Bakıda və bir çox şəhərlərimizdə soyqırımlar törətmişlər. Onlar Azərbaycanın qədim və tarixi torpaqlarında özlərinin olmayan dövlətini qurdular. Sonra da o dövrdə sülhsevərlik siyasətindən, Stalin siyasətindən istifadə elərək Azərbaycanın torpaqlarını zəbt etməyə başladılar. 1920-ci illərdə 9000 km2 icarə yolu ilə əldə olunmuş “dövlətçilik” əsrin sonlarına yaxınlaşanda 28,5 min km2-ə çevrildi. XIX əsr boyunca  ermənilərin daim Azərbaycan ərazilərinə torpaq iddiaları olub və Azərbaycanın yerində olmayan rəhbərlərinin bacarıqsızlığı, Moskvaya təpki göstərmək bacarığında olmamaları üçün tarixi torpaqlarımızı hissə-hissə düşmənə bəxş ediblər. İstəklərinə nail olmuş ermənilər XX əsrin sonlarında SSRİ-nin süqutunun baş verdiyi bir vaxtda və Azərbaycan dövlətçiliyin qorunmasında rəhbərliyin zəif olduğu zamanda yenidən bir məqam ortaya düşdüyünü hiss edərək Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Azərbaycanlıların gözünü qırmaqdan ötrü silsilə soyqırımlar həyata keçirməyə başladılar. Bu soyqırımlar 1991-ci ildə ardıcıl olaraq  Meşəlidə, Kəkicahanda, Qaradağlıda baş verdi və sonda Xocalıda öz kulminasiya nöqtəsinə çatdı. Faciənin təşkilatçılarından və iştirakçılarından biri olmuş Ermənistanın indiki prezidenti Serj Sarkisyan deyirdi ki, azərbaycanlılar hesab edirdilər ki, biz dinc əhaliyə əl qaldırmarıq. Ancaq onlar bunu da gördülər və gördülər ki, biz buna qadirik. Dinc əhalini məhv etməyə qadirik. Budur erməni xisləti, erməni siyasəti, ermənilərin dövlətçilik qurmaq iddiları.
            Biz xocalılar isə torpağına, xalqına, elinə-obasına bağlı insanlar olmuşuq. Biz Xocalılar  kiminsə diktəsi ilə öz dədə-baba yurdumuzdan, torpağımızdan çıxmağı özümüzə ar saymışıq. Ona görə də biz torpağımızı qoyub qaçmaqdandırsa, torpaq uğrunda ölməyi üstün tutduq. Xocalıda düşmənə layiqli müqavimət göstərən igid oğullarımız, milli qəhrəmanlarımız var. Erməni gülləsinə tuş gələn körpələr, qadınlar, qocalar da var. Bu gün də biz fəxrlə deyirik ki, Xocalı olaraq döyüşmüşük, torpaq uğrunda qan tökmüşük və 366-cı alay ilə erməni birləşmələrinin qarşısında biz gücsüz olduğumuzu hiss edərək torpağımızı tərk etmək məcburiyyətində olmuşuq. Ancaq indi dövlətimizdən, ölkə rəhbərliyindən aldığımız güc bizə inam verir ki, doğma torpaqlarımıza qayıdacağıq və öz sosial layihələrimizi Xocalıda davam etdirəcəyik.
            - Sizcə Xocalı soyqırımını əvvəlcədən planlaşdırılmasını sübut edən dəlil və faktlar nədən ibarətdir?
            - Ermənilər həmişə özlərinin törədəcəyi cinayətlərin qarşılığında öz məkrli planlarını hazırlayırlar. Onlar Xocalı soyqırımını törətməmişdən qabaq Sumqayıt şousunu hazırladılar. Sumqayıtdakı şoularını SSR-nin Milli Təhlükəsizlik Nazirliyi ilə ermənilərlə birgə həyata keçirdilər. Sumqa-yıtda guya yüzlərlə ermənilərin öldürülməsini dünya miqyasında yayaraq özlərinə gələcəkdə bəraət qazandırcaqları və onun qisasını almaq adı altında silsilə faciələr həyata keçirdilər. Onlar girdiyi oyunlarla özlərini yazıq, əzilmiş, sahibsiz bir xristiyan milləti kimi təqdim edirdilər. Xristiyan ölkələrin tərəfini saxlayan beynəlxalq təşkilatlar - BMT, ATƏT və başqaları Azərbaycana müəyyən təzyiqlər etdilər. Bunların bir səbəbi də Azərbaycanı kölə kimi öz müstəqilliyindən vaz keçirməyə məcbur etmək idi. İkinci tərəfdən isə ermənilər həmin məsələləri öz niyyətləri üçün istifadə etmək məqsədi güdürdü. Mənfur qonşularımız Qərbi Azərbaycandakı soydaşlarımızı öz dədə-baba yurdlarından qovub çıxartdıqdan sonra Azərbaycanın daxilində yaşayan ermənilərin Dağlıq Qara-bağa yerləşdirilməsini istəyirdilər. Ona görə də Dağlıq Qarabağ ərazində azərbaycanlılara qarşı soyqrımlar törədirlər və Azərbaycan ərazində yaşayan ermənilərin qorunmasını tələb edirdilər. Sumqayıt hadisələrinin törədilməsini Xocalı soyqırımının həyata keçirilməsi planının ilk başlanğıcı sayardım. Beləliklə, dünyaya özlərini məzlum, əzilmiş xalq kimi göstərən ermənilər Xocalıdakı vəhşilikləri öz mənfur xislətlərini aşkar etdilər. Üstəlik həyasızcasına Xocalıda öldürülən insanları azərbaycanlıların erməniləri öldürməsi yalanı ilə ilkin olaraq dünya mətbuatına yayırdılar. Çünki, plana əsasən, düşmənlər xarici mətbuatda işləyən yüzlərlə ermənini və ermənipərəst jurnalistləri Dağlıq Qarabağa cəlb etmişlər. Soyqırımın törədilməsi gününün səhərisi baş vermiş faciəni çəkərək guya azərbaycanlıların ermənilərə qarşı törədilmiş hadisəsi kimi, Sumqayıt hadisələrinin davamı kimi yayırdılar. Ancaq fakt faktlığında qalırdı. Sonradan bu məsələnin üstündə Azərbaycan Respublikası işlədi, xarici beynəlxalq təşkilatların Xocalı soyqırımının müsibətlərinə şahid olması üçün cəlb olundu. Həqiqət ortaya çıxsa da, soyqırımı dünya dövlətlərinə çatdırmaq bir qədər vaxt tələb ediridi. Azərbaycan bir neçə ildən sonra buna nail ola bildi.
            - Xocalı rayon sakinlərinin bütün bu müsibətlərdən sonra az da olsa, təsəlli yolu nə ola bilər? 
            - Xocalı əhalisi soyqırıma məruz qaldı. Xocalılar öz doğma yurdlarından didərgin düşəndən sonra respublikanın 50-dən çox rayonuna səpələndilər. Sonra isə əhali müəyyən yerlərdə toplaşaraq bir yerə yığışdı. Əhalinin bir hissəsi Bakı şəhərində, qalan hissəsi də Qarabağa yaxın ərazilərdə müvəqqəti məskunlaşıblar. Xocalı dərdi ağır dərddir. Əsirlikdən azad olunan yüzlərlə insan sonradan dünyasını dəyişdi. Faciəni görmüş, faciəni yaşamış, itki vermiş anaların gözləri illərlə ağlamaqdan tutulub. 150 nəfər itkin düşmüş insanın intizarından, cənazəsi tapılmayan insanların yaxınlarının gözləri ağlamaqdan tutulub. Bu gün də xocalılar 25 il bundan öncə Xocalıda törədilmiş soyqırımın acısını, kədərini yaşayırlar.
            Faciə o zaman insanlar üçün yüngülləşir ki, başqaları ilə bölüşürsən. Yaxınlarınla, qohumlarınla, dövlətinlə, dövlətçiliyinlə, millətlə dərdini bölüşürsən.
            Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, Xocalı soyqırımına qiymət verməsi, Cənab Prezidentimiz İlham Əliyevin bu siyasəti davam etdirməsi, Xocalı soyqırımının 2010-cu ildən başlayaraq, dünya səviyyəsində qeyd olunması və dünyada tanıdılması istiqamətində “Heydər Əliyev” Fondunun vitse - prezidenti Leyla Əliyevanın gördüyü işlər insanlarımıza yaşamaq ümidi gətirir. İnanırıq ki, tökülən qanlarımızın qisasını alacağıq. Doğma yurd-yuvamıza qayıdacağıq. Qəbiristanlıqlarımızı yenidən bərpa edəcəyik. İtkin düşmüş, şəhid olmuş insanların abidəsini Xocalıda ucaldacağıq. Xocalıları yaşadan, Xocalıya qayıtmaq ümididir. Xocalıya qayıdışımızdan sonra viran olmuş torpaqlarımızda abadlıq işləri  aparılacaq və şəhidlərimizin ruhu o zaman şad olacaqdır. Biz xocalılar bu ümidlə yaşayırıq və inanırıq ki, Cənab Prezidentimizin rəhbərliyi ilə tez-liklə torpağımıza qayıdacağıq.
            - Xocalı sakini kimi, Xocalı rayon İH-nin başçısı kimi Xocalı soyqırımının tanıdılması istiqamətində respublikamızda və beynəlxalq səviyyədə görülən təbliğat işlərini necə dəyərləndirirsiniz?
           - Xocalı soyqırımı tək xocalıların dərdi deyil. Bu ümumxalq dərdidir. Bu dərdi dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması yönümündə dövlətimiz çox böyük işlər həyata keçirib. 2011-ci ildən başlanan  “Xocalıya Ədalət” kampaniyasına demək olar ki, hər kəs qoşulmuşdur. Əvvəllər respublika daxilində gedən təbliğat kampaniyası indi dünyanın bir çox ölkələrində davam etdirilir. Beynəlxalq təşkilatlarda soyqırım günü və şəhidlərimizin ruhu anılır. Eyni zamanda 68 müsəlman dövlətinin parlamentində və onların İslam Əməkdaşlıq Şurasında soyqırım günü yada salınır. Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar olaraq 24 yanvar 2017-ci il tarixli Sərəncam imzalanmışdır. Bu Sərəncama əsasən, Prezident Aparatının rəhbəri cənab Ramiz Mehdiyev hazırlanmış tədbir planını təsdiq etdi. Tədbirlər planında bütün orqanlara Xocalı soyqırımının keçirilməsi üçün məsuliyyətləri əks olunub. Bütün nazirliklərə, xaricdəki diasporlara və digər qurumlara tapşırıqlar verilmişdir.  Tədbirlər planına əsasən, bütün şəhər və rayonlarımızda olduğu kimi, Xocalı rayonunda da silsilə tədbirlər keçirilir. Şəhid ailələri ziyarət edilir, erməni əsirliyində olmuş, yaxınları itkin düşmüş insanlarla söhbətlər aparılır, soyqırıma məruz qalmış hər bir sakinə mənəvi dəstək oluruq. Xaricdəki səfirliklərimiz diaspor təşkilatlarımız,  türk qardaşlarımızla birgə soyqırımın dünyada tanıdılması istiqamətində mühüm təbliğat işləri aparırlar. İlbəil Xocalı soyqırımı, təcavüzkar erməni millətinin vəhşilikləri dünyada daha çox tanıdılır. Xocalı soyqırımını artıq  11 dövlət və ABŞ-ın 22 ştatı tanıyır və erməniləri törətdiyi soyqırım aktına görə qınayır.
           Xocalı rayon İcra Hakimiyyəti soyqırıma məruz qalmış rayon kimi öz üzərimizə düşən mə-suliyyəti çox yaxşı dərk edirik. Aidiyyatı təşkilatlarla əlaqə saxlayırıq. Xarici dövlətlərin ölkə-mizdəki səfirliklərinin nümayəndələrinin xocalıların məskunlaşdığı qəsəbələrə səfəri zamanı rayonumuzun tarixi, Xocalı soyqırımının acı nəticələri haqqında məlumatlar veririk. Dövlətimiz Xocalı soyqırımının tanıdılması məqsədilə siyasi xəttini çoxdan formalaşdırıb və uğurla inkişaf etdirir. Məqsədimiz Xocalı soyqırımına bütün dünya ictimaiyyətinin rəyini almaq və bu soyqırımı törədən vəhşilərin cəzaladırılmasına nail olmaqdır.
            Bütün xocalılar inanır ki, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində düşmən tapdağında qalan torpaqlarımızı azad edəcəyik və doğma yurdumuza - Xocalımıza qayıdacağıq. Cocuq Mərcanlıda başlanan “Böyük Qayıdış” layihəsi bütün işğal olunmuş torpaqlarımızın azad olunması və abad olunması ilə uğurla yekunlaşacaqdır. O zaman şəhidlərimizin ruhu şad olacaq.
            Allah bütün şəhidlərimizə rəhmət eləsin!
            Amin!

          Müsahibəni apardı: Qalib BƏYMƏMMƏDOĞLU, 

    AJB-nin üzvü

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər
    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib13 dəfə
    ŞAHMAR USUBOV: "XOCALILAR BU GÜN FƏXRLƏ DEYİRLƏR TORPAQ UĞRUNDA DÖYÜŞMÜŞÜK QAN TÖKMÜŞÜK"

    Maraqlı gələ bilər
    32
    31